“Yay aylarında suyun qəbulu vacibdir”

“Yay aylarında suyun qəbulu vacibdir”

31
0
SHARE

Yay aylarında hava əsasən isti olduğuna görə orqanizmin suya ehtiyacı artır. Buna görə də, bədəndə suyun miqdarının balanslı olması üçün su və qidanın qəbulu nəzarətdə saxlanmalıdır.

Müsahibimiz həkim-dietoloq Tutu Zeynalovanın sözlərinə görə açıq havada uzun müddət saxlanılan paketlənmiş qida məhsullarını almaq olmaz, çünki isti hava altında qalan qidanı qəbul etdikdə zəhərlənmə baş verər:

“Yay aylarında  xüsusilə, suyun qəbulu vacibdir, çünki orqanizmdə suyun 10-15% azalması ölümlə nəticələnə bilər. Çay, qəhvə kimi içkilər suyu əvəz edə bilmir. Onlar sidikqovucu içkilərdir, bədəndən suyu xaric edirlər. Su içməyən insanların əksəriyyəti deyir ki, daima nəsə yemək istəyirlər. Əslində isə, bədən susuzdur”.

Yay fəslində əsasən ən çox hazırlanan soyuq yeməklər salatlardır. Dietoloq salatların hazırlanmasında xama və mayonezdən istifadə etməməyi tövsiyə edir:

“Xamadan istifadə etmək istəyirsinizsə, yağlılıq faizi az olan xamanı salata əlavə edə bilərsiniz. Əgər salatda mayonezin dadının hiss edilməsini istəyirsinizsə, bir çay qaşığı mayonezi qatıq və ya kefirlə qarışdırıb salata əlavə etmək olar. Bu zaman az kalori almış olacağıq. Salatlarda zeytun yağını limon və ya nar suyu ilə qarışdırıb istifadə etsəz daha yaxşı olar”.

Yayda meyvə qəbulunun önəmindən danışan Tutu Zeynalova bildirir ki, mövsümə uyğun meyvələr qəbul edilməlidir:

“Şəkərli diabetdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır. Qarpız, yemiş üzüm, əncir kimi meyvələr qan şəkərini sürətlə artırır. Nəticədə, həm çəki problemi yaranır, həm də diabet riski yüksəlir. Onlardan qədərində istifadə edilməlidir. Məsələn, orta ölçüdə olan qarpızın 1/8 hissəsi (2-3 dilim) yeyilməlidir.  Üzümün də həmçinin kiçik salxımı  (15-20 gilə) qəbul edilməlidir. Ət və balıq məhsullarından da istifadə  məqbuldur, sadəcə məhsulun keyfiyyətindən əmin olmaq və qədərində qəbul etmək lazımdır. “R” hərfi olmayan aylarda balıq yeyilməz” fikri yanlışdır. Onları da balanslı bir şəkildə qəbul etmək lazımdır. Həftədə 2 dəfə qırmızı ət, 1 dəfə balıq və toyuq yemək olar”.