Home İDMAN TOPs proqramının birinci yarım ilinə yekun vuruldu

TOPs proqramının birinci yarım ilinə yekun vuruldu

302
0
SHARE

“TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsidir. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, həmçinin “İnkişaf Naminə İdman” ictimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihə orta ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik və bacarıqlarının artırılması, həmçinin şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməklə psixoloji dayanıqlığın gücləndilirməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. 2017-2018-ci il tədris ilindən layihə Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarını əhatə edir.

Böyük Britaniyanın Youth Sport Trust təşkilatının mütəxəssisləri tərəfindən hazırlanan və fiziki tərbiyə üzrə illik kurikulumuna uyğunlaşdırılmış TOPs proqramı artıq Azərbaycanda 4-cü mövsümdür ki, icra olunur. 2017 – 18-ci tədris ilinin sentyabr-dekabr aylarında Youth Sport Trust və layihənin əsas icraçı tərəfdaşı olan “İnkişaf Naminə İdman” təşkilatının mütəxəssisləri tərəfindən TOPs proqramı üzrə təşkil edilmiş təlim kurslarında artıq 300 nəfərə yaxın fiziki tərbiyə müəllimi iştirak edib. Bu tədris ilində təlim keçmiş müəllimlər 35 “Açıq dərs” və 5 “İdman festivalı” təşkil ediblər. Layihənin 2018-ci ili əhatə edən ikinci mərhələsində əlavə olaraq 200-ə yaxın fiziki tərbiyə və ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Yanvar – iyun aylarında isə daha 50 “Açıq dərs” və 25 “İdman festivalı”nın keçirilməsi planlaşdırılır. Daha sonra TOPs layihəsinə qoşulan məktəblər arasında “Ən yaxşı Açıq dərs” və “Ən yaxşı İdman Festivalı” nominasiyaları üzrə müsabiqə keçiriləcək.

Bundan əlavə, ötən il BMT-nin Uşaq Fondunun (UNICEF) texniki dəstəyi ilə layihənin 2016-2017-ci tədris ilinin qiymətləndirilməsinə yekun vurulub. Kanadadan dəvət edilmiş beynəlxalq səviyyəli mütəxəssis Kolin Hiqs tərəfindən həyata keçirilmiş qiymətləndirmədə TOPs and qeyri-TOPs məktəblərindən 62 fiziki tərbiyə müəllimi, həmçinin 1033 nəfər şagird iştirak etmişdir. Qiymətləndirmənin qənaətbəxş nəticələrini nəzərə almaqla yekun hesabatda TOPs proqramının daha geniş miqyasda həyata keçirilməsi tövsiyyə edilib.

Layihənin ötənilki uğurlu fəaliyyətlərindən biri də TOPs proqramının 6-8 oktyabr tarixlərində Bakıda təşkil edilmiş 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində geniş təqdimatı olub. Təqdimat zamanı sərgi iştirakçılarına ümumilikdə TOPs proqramı və onun həm İngiltərə həm də Azərbaycanda tətbiqinə dair geniş məlumat verilib.

2014 – 2018-ci tədris illərini əhatə edən dövrdə TOPs layihəsindən ümumilikdə 150 orta ümumtəhsil məktəbi üzrə 1,000 nəfərə yaxın müəllim və təkmilləşdirilmiş fiziki tərbiyə dərsləri, həmçinin məktəbdənkənar fəaliyyətlərdən isə 200,000 nəfərə yaxın şagird faydalanacaqdır.

TOPs proqramı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və təhsil nazirinin 11 dekabr 2013-cü il 913 saylı əmrinə əsasən tərtib edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here