Paylaş

Premyer Liqanın yeni mövsümə hazırlıqları davam edir. Yerli klubların transfer bazarındakı fəaliyyəti ilə bağlı futbol şərhçisi Rövşən Binnətli Kişi Magazine – ə müsahibə verib.

O bildirib ki, klubların transfer siyasəti zəncirvari formada və kənardan hiss edilməyəcək dərəcədə dəqiqliklə aparılmalıdır:

“Yerli klublara  başqa kollektivlərdən futbolçu transferi  yalnız zərurət yarandıqda həyata keçirilməlidir. Transfer məsələləri daim nəzarətdə olmalı, gündəlik işin tərkib hissəsinə çevrilməlidir. Transfer siyasətinin uğurlu olması üçün bu prosesdə mütəmadilik də önəmlidir. Məsələn, “Qarabağ”da hər iki cinah oyunçusu (Maksim Medvedev və Ansi Aqolli) artıq karyeralarının son mərhələlərini keçirirlər. İndidən onları əvəzləyəcək oyunçular alınıb hazırlanmalıdır. “Qarabağ”ın mərkəzində yaşanan problemin polşalı futbolçunun (Yakub Jezniçak) alınması ilə öz həllini tapması buna misal ola bilər”.

Rövşən Binnətli  onu da qeyd edib ki, bəzən yeni transfer olunan futbolçular növbəti transfer pəncərəsində komandadan ayrılırlar:

“Bu işin xoşa gəlməyən tərəflərindən biri yeni futbolçularla 1 ildən çox müqavilənin imzalanmamasıdır. Bəzi klublarda bunun ağır nəticələrinin şahidi olmuşuq. “Xəzər – Lənkəran”ın bu mənada çox acı təcrübəsi var. Rumin mütəxəssis iş başına keçdikdə öz həmvətənlərini kluba cəlb etdi. Sonra növbəti məşqçi həmin futbolçuları başqa oyunçularla əvəzlədi. Birdən-birə komandadan 8-10 oyunçu kənarlaşdırıldı. Digər yüksək liqa təmsilçisi “Zirə” ötən mövsümlə müqayisədə 11-13 futbolçu ilə yolunu ayırıb. Həmin oyunçuları əvəzləyə biləcək oyunçu sayı da yetərli deyil. Mən çox istərdim ki, yerli klublarda bu cür hallar baş verməsin və klubların transfer siyasəti düzgün qurulsun. Onların uğurlu çıxışının qarşısını alan əsas amillərdən biri də mövsümlərarası fasilədə əsas heyət oyunçularından bir çoxunun komandanı tərk etməsidir. Yeni transfer olunmuş futbolçularla komanda oyununu yaratmaq, onu cilalamaq bəzi çətinliklər yaradır. Məncə, bu sahədə aparılan seleksiya işlərində, “Qarabağ” və “Qəbələ” klublarının işi təqdirəlayiqdir. “Neftçi”də hazırda maliyyə məsələləri nəyə imkan verirsə, o həddə addımlar atılır”.