Paylaş

1891-ci ildə ABŞ-ın Massaçusets ştatındakı kollecin bədən tərbiyəsi müəllimi Ceyms Neysmitin yaratdığı basketbol oyunu hazırda dünyada ən çox maraq göstərilən idman növlərindən biridir.

Basketbolun yaradılma məqsədi sadəcə gimnastika dərslərinə tələbələrin marağının artırmaq idi. Lakin sonradan qazandığı xüsusiyyətləri onu müstəqil idman növünə çevirdi. İlkin mərhələdə qaydalar və basketbolçuların geyimi müəyyənlik qazandı. 1983-cü ildə isə standart səbət və top, dəmir halqa və basketbol topu ilə əvəzləndi.

Bu səbəbdən 1932-ci ldə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradıldı. Hazırda bu federasiya 167 ölkənin milli federasiyasını özündə birləşdirir. 1935-ci ildə isə basketbol Olimpiya Oyunları proqramına daxil edildi.

Azərbaycana isə basketbolu 1920-ci illərdə Bakıya neft üçün gələn xarici şirkətlər gətiriblər.Onların öz asudə vaxtlarını səmərəli keçirmək üçün istifadə etdiyi bu oyuna əhali maraq göstərməyə başladı və çox keçmədən bu maraq kütləvilik qazandı. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandalarının fəaliyyəti qeydə alınıb.

1992-i ildə isə Azərbaycanda basketbol federasiyası yaradıldı.

1994-cü ildə Azərbaycan Basketbol Federasiyasının (ABF) Beynəlxalq Basketbol Federsiyasına (BBF) tamhüquqlu üzv qəbul edilməsi ilə  Azərbaycan beynəlxalq yarışlarda öz bayrağı altında çıxış etmək imkanı qazandı. Lakin 2000-ci ildə ABF beynəlxalq federasiyanın 1997-ci ildən bəri keçirdiyi tədbir və toplantıları heç birində iştirak etmədiyi üçün üzvlükdən xaric edildi. Elə həmin il rəhbərliyi dəyişdirərək beynəlxalq quruma üzvlüyünü yenidən təsdiqlətdi.

Son illərdə isə basketbola marağın artırılması üçün bir sıra yarışlar keçirilir. Azərbaycanda 2015-ci ildən etibarən məktəblilərin idmana və sağlam həyata təşviq etmək məqsədi ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramı da belə yarışlardan biridir. Belə ki, layihənin proqramına voleybol, atletika, badminton, velosiped idmanı ilə yanaşı Basketbol da daxildir.

Beynəlxalq Olimpiya Komitəsi,olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən oyunlarda bu il məktəblilər basketbol idman növü üzrə 3×3 şəklində olmaqla  Bakı,Sumqayıt,Gəncə və Göygöl şəhərlərində yarışır.

Proqramda basketbol idman növü üzrə hakim və  20 yaşadək kişilərdən ibarət yığma komandanın baş məşqçisi olan Tahir Baxşıyev belə yarışların keçirilməsinin Azərbaycan basketbolunun inkişafı üçün əhəmiyyətli olduğunu deyir:

“Son vaxtlar Azərbaycanda uşaq basketbolu çox inkişaf edib. “Olympic Moves” proqramı və son 2 ildə  Azərbaycanın  Avropa oyunlarında bütün yaş qrupları üzrə təmsil olunması bu idman növünə marağı artırıb. Hazırda demək olar ki, bütün məktəblərdə basketbol qrupları fəaliyyət göstərir.  “Olympic Moves”da iştirak edən şagirdlərin çıxışlarında da inkişaf hiss olunur. Ötən ilə nəzərən, bu il yarışlar daha güclü keçdi. Bunun da səbəbi uşaqlarda basketbola həvəsin artmasıdır. Keçən il final o qədər maraqlı keçmişdi ki, bütün zal dolmuşdu. Buna görə də uşaqlar bu il yarışlara daha çox maraq göstərdilər”.

Tahir müəllim yarışların uşaqlara həm də basketbolla peşəkar məşğul olmaq üçün yol açdığını da əlavə edib:

“Biz oyunlarda fərqlənən, perspektivli uşaqları yığma komandanın məşqlərinə dəvət edirik. Bu uşaqlara məktəblərdə basketbolla bağlı yalnız ümumi məşqlər keçirilir. Biz isə onlarla daha peşəkar işləyirik, onları gələcək üçün milli komandaya hazırlayırıq. Ötən il Bakıda keçirilən yarışlarda fərqlənən  uşaqlar artıq peşəkar məşqlərə cəlb olunub. Bu il proqramın Gəncə, Sumqayıt və Göygöldə də tətbiqi isə yeni istedadların üzə çıxmasına şərait yaratdı. Onlar da yaxın zamanda peşəkar məşqlərə cəlb olunacaq”.

Qeyd edək ki, “Olympic Moves” layihəsinin final mərhələsi 4-6 iyun tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.