Home KİŞİ NEWS Olympic Moves: Sumqayıtda rayondaxili mərhələnin qalib komandası

Olympic Moves: Sumqayıtda rayondaxili mərhələnin qalib komandası

324
0
SHARE

Ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir.

Proqram Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə dəstəyi ilə baş tutur.

Bu proqramda məktəblilər 5 idman növü – voleybol 2×2, basketbol 3×3, badminton, atletika və veloidman – üzrə yarışlarda iştirak edirlər.

Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir.

Kişi Magazine xəbər verir ki, artıq yüngül atletika üzrə Sumqayıt şəhərində rayondaxili yarışlara yekun vurulub. Birinciliyə 23 nömrəli tam orta məktəbin şagirdləri layiq görülüb.

Mükafatlandırılma mərasimindən sonra qalib məktəbin şagirdlərinin və müəlliminin fikirlərini öyrəndik.

23 saylı məktəbi atletika üzrə təmsil edən Rəvan İbrahimli oyunlardan məmnunluğunu dilə gətirib:

“Final oyunu yaxşı keçdi. Beş nəfər birinci yerə çıxdı. Bundan başqa, bir nəfər ikinci, bir nəfər isə üçüncü yerə layiq görüldü.  “Olympic Moves” proqramına hazırlıq mərhələsində idman dərslərində çoxlu məşq edirdik, yaxşı hazırlaşmışdıq və qalib gəldik. Yarışlar ərzində müəllimim, komanda yoldaşlarım və valideynlərim mənə dəstək olurdu”.

Məktəbin digər atleti İlknur Qiyasova isə rayondaxili yarışlarda iki növ üzrə qalib gəlib:

“Yarışda 200 metr məsafəyə qaçışda və uzununa tullanmada  birinci oldum. Həyəcanlı idim. Əslində, əvvəlcə çox sürətli qaçdım. Çox yorulduq. Müəllim dedi ki, əvvəl yavaş, sona yaxın isə daha sürətli qaçarsınız. Onun məsləhəti ilə qalib gələ bildim. İdman dərslərində də müəllimimiz bizi çox çalışdırır. 30 və 60 metr məsafələrə qaçmaqla məşq edirdik. Ümid edirəm ki, gələcəkdə başqa ölkələrə gedib Azərbaycanı təmsil edərik”.

23 saylı məktəbin idman müəllimi Fazil Abdullayev “Olympic Moves” proqramının məktəblilərin peşəkar idman karyeralarında ilk pillə olduğunu deyir:

 “Məktəb yarışlarında uşaqların iştirakı yaxşı haldır. Təşkilatçılara öz minnətdarlığımızı bildiririk. Yarışlar həqiqətən saf keçirildi. Buna heç bir şübhəmiz yoxdur.

Şagirdlərin fiziki və taktiki keyfiyyətlərinə önəm verirdik. Bu xüsusiyyətlər atletika idman növündə mütləq olmalıdır. Uşaqlar çox istəklə hazırlaşırdılar. Öz bəhrəsini verdiyi üçün şadıq. Final mərələsində də Sumqayıt məktəblilərinin uğurlu nəticə ilə seçiləcəyinə inanıram. Bütün iştirakçılara uğurlar arzulayıram”.

“Təhsil” Respublika İdman Mərkəzinin Sumayıt filialının direktoru Teymur Qafarov isə “Olympic Moves” proqramının məktəblilərə ən birinci və əsas faydasının onları idmana cəlb etmək olduğunu bildirir:

“Sumqayıt məktəblilərinin və orta məktəblərin idman müəllimlərinin “Olympic Moves”da təmsil olunan idman növlərinə marağı artıb. Sumqayıt məktəbləri birinci dəfədir bu yarışlarda iştirak edir və birinci il üçün nəticələri yaxşıdır. Yarışlar boyunca şagirdlərlə yanaşı, çox müəllimimiz də həyəcanlı olur, amma gələn ildən daha da yaxşı iştirak edə biləcəklər. Artıq finala çıxan komandalarla fərdi məşqlər başlayıb. Atletika idmanını məktəblilərə yaxındır, orta məktəblərdə tədris olunur. Buna görə də, uşaqlarımız daha cəsarətlidirlər.  Atletika üzrə problemsiz hazırlaşmışıq. İstənilən yarış uşaqda maraq yaradır. Elə buna nəzərə alaraq, paytaxtla kifayətlənmək olmaz, regionların da cəlb olunması çox yaxşı haldır. Regionlarda potensiallı uşaqlar var. Layihənin ərazisinin genişləndirilməsi həmin uşaqların özlərini idmanda ifadə etməsi üçün yaxşı imkan oldu”.

Proqramın final mərhələsi 4-6 iyun tarixlərində Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here