Paylaş

Velosiped idman növü gündəlik həyatda ən çox istifadə olunan idman növlərindən biridir. Kiçik ölçüsü, aşağı qiyməti və yanacaq ehtiyacının olmaması onun dünyada geniş yayılmasının əsas səbəblərindəndir.

Azərbaycanda isə velosiped 1930-cu ildən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlayıb. İdman növü kimi isə 1950-ci illərdən inkişaf edib və Azərbaycan velosipedçiləri ilə  Olimpiya Oyunlarında təmsil olunmağa başlayıb.

Azərbaycanın müstəqillik illərində Milli Olimpiya Komitəsi yarandıqdan sonra, 1997-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılır. Federasiya ölkədə beynəlxalq velosiped yarışlarının keçirilməsini, Veloparkın yenidənqurulmasını təşkil edib.

2013-cü ildən keçirilməyə başlayan “Tour d`Azerbaijan” beynəlxalq yarışı da ölkədə son illər velosiped idmanının  inkişaf göstəricilərindəndir.  Bu il 3-7 may tarixində davam edən 5 mərhələli yarış Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunub. Azərbaycandan “Tour d’Azerbaidjan-2017”nin qalibi “Elit” yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan “Synergy” köynəyini qazanıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev bildirir ki, velosiped idmanı spesifik idman növüdür:

“Burada kifayət qədər imkan var ki,  hər bir idmançı potensialını tam açıb ortaya qoysun. Bu isə bir-iki ilin işi deyil. Son illər ərzində bir neçə istedadlı velosipedçi üzə çıxıb. Məsələn: oğlanlar arasında Elgün Əlizadə, Musa Mikayılzadə, Mikayıl Səfərov, İvan Orlov, qızlardan isə Validə Cabbarova perspektivli velosipedçilərimizdir. Elgün Əlizadə, Kənan Qəhrəmanlı və Musa Mikayılzadə artıq «Synergy Baku Kontinental» komandasının tərkibindədirlər».

Azərbaycanda velosiped idmanına gənclərin marağını artırmaq məqsədi ilə də müxtəlif tədbirlər və layihələr həyata keçirilir. 2015-ci ildən Azərbaycanda tətbiqinə başlanılan “Olympic Moves Azerbaijan” proqramında da velosiped idmanı növü üzrə yarışlar keçirilməkdədir. Ölkənin 406 məktəbin şagirdləri «Olympic Moves” proqramında iştirak edirlər.

Pərviz Musayev bildirir ki, Olimpiya Hərəkatı velosiped idmanını daha da kütləviləşdirdi və federasiyaya perspektivli və potensiallı idmançılar qazandırdı:

“Bu layihə digər idman növlərdən geri qalan idman növlərin inkişafına yönəlmişdir. İlk dəfə layihə ortaya çıxanda bizim federasiyamız həvəslə qoşuldu, çünki istənilən idman növündə  inkişafın yolu kütləvilikdən keçir. Məşqçilərimiz bu yarışlarda iştirak edirlər, izləyirlər  və  bu yarışlar zamanı potensiallı oyunçular üzə çıxdı.  Biz valideynlərlə də danışdıq, seçimlər aparıldı və kifayət qədər uşaqlar cəlb olundu. “Olympic Moves” proqramı bizə böyük idmançı kütləsi qazandırdı”.

“Oympic Moves”da velosiped idmanı üzrə baş hakim olan Əbülfəz Məmmədov da  layihənin ölkə üçün əhəmiyyətli olduğunu bildirib:

“Biz çalışırıq  mümkün qədər çox  məktəbli cəlb edək  və həmin uşaqlar arasında  həm qızlar həm də  oğlanlar var. “Olympic Moves”da şərt odur ki, hər komandada  3 oğlan və 1 qız olsun. Proqram bizim üçün çox sərfəlidir. Elə məktəblər var ki, mərkəzdən uzaqda yerləşirlər.  Burada isə həmin məktəblilər gəlib idmançı kimi fəaliyyət göstərilər. Şagirdlərin  burdakı iştirakından  sonra  onlarda daha çox maraq yaranır” .

Qeyd edək ki, “Olympic Moves” proqramı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir.