“Müdafiə olunmayan saçlar həddən artıq quruyaraq qırıla bilər”

“Müdafiə olunmayan saçlar həddən artıq quruyaraq qırıla bilər”

23
0
SHARE

Mütəxəssislər  saçların gün işığına həssas olduğunu, ultra-bənövşəyi şüaların təsirindən zədələnərək töküldüyünü bildirirlər.  Saçları zərərli günəş şüalarından  qorumağın müxtəlif üsulları var.

Bununla bağlı trixoloq Gültəkin Abdullayeva Kişi Magazine– ə müsahibə verib. O bildirib ki, yay fəslində  şlyapalar, saç örtükləri və təbii vasitələrdən istifadə daha məsləhətlidir :

“Müdafiə olunmayan saçlar həddən artıq quruyaraq qırıla bilər. Əgər saçın dərisində hər hansı xroniki problemlər varsa, intensiv günəş şüaları onları oyada bilər və vəziyyət daha da pisləşər. Bu xəstəliklərə sebareyalı dermatit, psoriaz, folikulit və s. aiddir. Günün müəyyən saatları var ki, bu zaman saçları zərərli şüalardan qorumaq lazımdır. Ümumiyyətlə, temperatur 32-33 dərəcədən çox olduqda saçlar mütləq hər hansı vasitə ilə müdafiə olunmalıdır. Saçların yuduğumuz suyun temperaturuna gəldikdə isə, su nə çox soyuq, nə də ki çox isti olmalıdır”.

Ev şəraitində saçlara ən gözəl qulluğun zeytun, arqan, lavanda və s. kimi müxtəlif yağların istifadəsinin yararlı olduğunu deyən trixoloq yumurtanın da saça faydasından danışır:

“Günəş vannası qəbul etdikdən sonra yumurtaya efir yağları və ya bir qədər bal qataraq saçlara çəkmək lazımdır. Eyni zamanda  yay fəslində çoxlu yumurta yemək də faydalıdır. Yumurta sarısı ilə konyak da saçlar üçün ideal vasitədir”.

Gültəkin xanım saçlara qulluq zamanı  saç tipinin nəzərə alınmasının vacibliyi  vurğulayıb:

Ev şəraitində qulluq saç tipinə görə dəyişir. Qidalandırıcı yağları yağlılığı çox olan saç dibinə çəkmək düzgün deyil. Saç dibindən 3-4 sm aşağıya doğru  saç uclarına çəkmək lazımdır. Bəzi xanımlar yağlı saçlar üçün yağlardan istifadənin məqsədəuyğun olmadığını düşünür. Lakin bu düzgün yanaşma deyil. Yağlı saçlar tez-tez yuyulduğu üçün məhz bu saçların da yağa ehtiyacı yaranır. Saçların ucları qurumağa başlayır və saçların dibi daha çox yağlanır. Saçları quru olan xanımlar isə qidalandırıcı yağlarla bərabər yumurta sarısı ilə hər hansı yağ qarışımından da istifadə edə bilərlər. Bu fəsildə saçlara qulluq vasitələrindən biri də məhz gicitkən dəmləməsidir.  Saçları təmiz yuduqdan sonra bu dəmləmədən əldə edilən  su ilə saçlar yuyulmalıdır. Əgər saçda hədsiz yağlılıq varsa, onda palıd qabığının dəmləməsindən istifadə etmək olar. Boyalı saçlara gəldikdə isə onlara  ev şəraitində qulluq etməzdən öncə boyanın saçlardan tez təmizlənməməsi üçün mütəxəssislə məsləhətləşmək lazımdır”.

Sağlam və gümrah saçlara sahib olmaq üçün düzgün qidalanmanın önəmindən də danışan  trixoloq,  şirniyyat və xəmir yeməkləri kimi tez mənimsənən karbohidratların ziyanlı olduğunu qeyd edib:

“Yay fəslində saçlara qulluq üçün çoxlu meyvə-tərəvəz, göyərti, paxlalı bitkilər, qoz, fındıq, yer fındığı kimi çərəzlərdən yemək lazımdır. Bizim bu qidaları payız və qış fəslində kifayət qədər yemək imkanımız olmadığı üçün məhz bu fəsildə bunlara üstünlük verilməlidir ki, bunlardan əldə edilən vitamin və zülallar orqanizmdə tədarük edilsin. Orqanizmin əsasən yay fəslində suya daha çox ehtiyacı olduğu üçün saçlar daha çox tökülür. Bunun qarşısını almaq üçün gün ərzində bol-bol su içmək lazımdır”.