Home KİŞİ NEWS İlkin Həsəni: “HELL”dən çox bizə sponsorluq edən şirkət olmayıb

İlkin Həsəni: “HELL”dən çox bizə sponsorluq edən şirkət olmayıb

694
0
SHARE

Layihələrin uğurla icra olunmasında komanda ilə yanaşı, sponsorluğun da əhəmiyyəti böyükdür. Düzgün sponsorluq əlaqələri üzərində qurulmuş əməkdaşlıq layihənin istədiyi məqsədə çatmasına və gələcəyinə təsir edən əsas amildir. Bunun üçün də menecerlər daim düzgün sponsor axtarışında olurlar.

Ancaq biz bu menecerlərin ölkədə kifayət qədər sponsor olmadığı və ya sponsorların layihələrinin perspektivini düzgün qiymətləndirə bilmədiyi ilə bağlı şikayətləri ilə də rastlaşırıq. Heç kimə sirr deyildir ki, bu gün Azərbaycan media bazarında da sponsorluq dəstəyini itirmiş olduğuna görə fəaliyyətini dayandıran layihələr az deyil.

Maraqlıdır, görəsən, sponsorla iş necə təşkil olunmalıdır?

Bu sualın cavabını tapmaq üçün illərdir öz layihələri ilə Azərbaycan teleməkanında marağa səbəb olan və sponsorlarla çoxillik əməkdaşlıq təcrübəsinə malik “İlk Media” şirkətinin təsisçisi, tanınmış teleaparıcı İlkin Həsəni ilə söhbətləşdik.

Qərara gəldik ki, onunla “sponsorlarla işin qurulması”, “sponsorların tələbləri” kimi mövzuları əhatə edən söhbətimizi bu sahə ilə maraqlananların diqqətinə müsahibə formatında çatdıraq:

– İlkin, səhv etmirəmsə, sizin sponsorluq əlaqələriniz “Bozbash Pictures” layihəsi ilə qurulmağa başladı. Lakin, ilk vaxtlar bu layihə özü də başqa bir verilişdə yayımlanan rubrika idi. Necə oldu ki, “Bozbash Pictures”i ayrı bir layihə kimi işləmək qərarına gəldiniz?

– Ümumiyyətlə, dünyada belə bir təcrübə var ki, televiziyada yayımlanan hansısa epizodik rubrika populyarlaşır və onu layihə – veriliş halına gətirirlər. Bir müddət sonra o rubrika adlandırdığımız layihə artıq ölkənin əsas kommersiya filminə çevrilir. Biz həmin o dövrü keçdik. “Bozbash Pictures” 2004-2005-ci illərdə Ramil Babayevlə birlikdə hazırladığımız rubrika idi.

Getdikcə rubrikamız populyarlaşdı və artıq tamaşaçıların böyük bir qismi “ATV Maqazin”in sonunda yayımlanan “Bozbash Pictures”i gözləməyə başladı. Biz 2011-ci ildə “Bozbash Pictures” layihəsini bir az böyütdük.

– Bu layihəyə başlayarkən hansı çətinliklərlə rastlaşdınız?

– Layihəmiz yeni olduğundan ilk vaxtlar çox təəssüf ki, sponsor dəstəyi olmadı, maliyyə problemləri ilə üzləşdik və layihəni dayandırmaq qərarına gəldik. Sponsorlar qərar verə bilmirdilər ki, layihəyə dəstək olsunlar ya yox? Nəhayət, bizə televiziyadan texniki dəstək verildi və güc toplayıb, 2013-cü ildə yeni layihəyə start verdik.

Bir ay ərzində gücləndirilmiş iş rejimi ilə işlədik. İsti avqust ayında Azərbaycanın rayonlarına yollandıq. O vaxt layihə hələ populyar deyildi və bölgələrdə insanlar bizə qəribə baxırdılar: “Görəsən, bu yaşıl pencəkli, sarı kostyumlu adamlar kimlərdir? Bu istidə niyə belə qalın pencək geyiniblər? Niyə ora-bura qaçırlar?”.

Sentyabrın sonu, oktyabrın əvvəlində hazırladığımız buraxılışları telekanala təqdim etdik və böyük marağa səbəb oldu. Bir müddət sonra artıq paytaxtla bərabər bölgələr də səbirsizliklə “Bozbash Pictures”i gözləyirdilər.

– Müəyyən müddət sponsor tərəfindən dəstək görməmisiniz, hazırda isə sponsorlarınız var. Bunu ən yaxşı bilənlərdən biri siz olarsınız. Azərbaycanda hazırda sponsorluq bazarı nə vəziyyətdədir?

– Azərbaycanda devalivasiya dövrü bütün sahələrə təsir etdiyi kimi şirkətlərə də təsir etdi və avtomatik olaraq, şirkətlər də layihələrə sponsorluq etməyi dayandırdılar. İndi yavaş-yavaş həmin o durğunluq aradan qalxır. Şirkətlər öz məhsullarını satmaq üçün hədəf kütləsinə çıxış kanalları axtarırlar və müəyyən layihələrə, verlişlərə sponsor olmaq istəyirlər.

“Bozbash Pictures” də həmin layihələrin içərisindədir. Bu günə qədər demək olar ki, hər sahədə bizimlə əməkdaşlıq edən sponsorlarımız olub, amma onların arasında ən uzun müddətlisi “HELL ENERGY” içkiləridir. “HELL”dən çox “Bozbash Pictures”ə sponsorluq edən şirkət olmayıb.

– Sponsorluq əlaqələrinizi nəyə əsasən qurursunuz?

– Şirkətlər bizimlə sponsorluq əməkdaşlığı etmək istədikdə və ya biz şirkətlərə sponsorluq təklif etdikdə mütləq həmin şirkətin xidmətini və ya məhsulunu test edirik. Yalnız keyfiyyətinə əmin olduğumuz məhsullarla əməkdaşlıq edirik.

Keyfiyyətsiz məhsulla əməkdaşlıq etsək, həm tamaşaçılarımızın güvəni sarsılar, həm də gələcəkdə keyfiyyətli məhsulları təqdim etdikdə, tamaşaçı düşünər ki, bu da həmin məhsul kimi keyfiyyətsizdir. Ona görə də bugünkü gündə ən yaxşı, ən keyfiyyətli şirkətlər ilə işləyirik.

– Düzü, Azərbaycan teleməkanında belə hala çox az rast gəlirik. Necə olur ki, bir sponsorla uzun müddətli işləyə bilirsiniz? Bu cür əməkdaşlıq hansı halda baş verir?

– Sponsorlar bizim üçün faydalı olduğu qədər, biz də şirkətlərə fayda veririk və onların tanıdılması üçün böyük səy göstəririk. Misal üçün, baş sponsorumuz “HELL ENERGY” ilə dediyimiz kimi uzunmüddətli əməkdaşlığımız var və davam edir. “HELL”i Azərbaycana gəldiyi ilk dövrlərdən “Bozbash Pictures” tanıtdığı üçün, satışların həcmində, əhalinin bu içkini sevməsində hardasa biz də təkan olmuşuq.

İnsanlar bizimlə gördülər ki, bu çox keyfiyyətli enerji içkisidir, hansı ki səni daha gümrah və enerjili saxlayır. Nəticədə, bu gün bütün Azərbaycanda ən çox içilən enerji içkisidir. Başqa bir faydamız da o oldu ki, biz “HELL”in zavoduna səfər etdik. Macarıstana gedəndə artıq “HELL”in zavodunda Şəminin, Şöşünün, Fəlakətin kim olduğunu bilirdilər.

Orada həm çəkiliş etdik, həm də içkinin necə istehsal olunduğunu öz gözümüzlə gördük. İnsanlar arasında belə bir mif dolaşırdı ki, “Macarıstandakı “HELL” orijinaldır”. Biz göstərdik ki, bax, bu partiya Azərbayacana gedir. Zavodda da hər kəs bəyan etdi ki, istehsalımızın böyük bir hissəsi Azərbaycana ixrac olunur. Beləliklə biz “HELL” barədə daha bir mifi yox etdik.

– Ümumiyyətlə, Azərbaycanda sponsorluq vəziyyətindən danışdıq, keçmişlə müqayisədə hazırda hansı üstünlük, müsbət yönlü dəyişikliklər var?

– Çox dəyişikliklər olsa da, təəssüf ki, əsas bir məqam olduğu kimi qalır. Şirkətlərin marketinq menecerləri adətən “Bizim müdir belə istəyir” və ya “Bizim müdir dedi ki,” ilə başlayan cümlələr və istəklər səsləndirirlər.

Biz də öz növbəmizdə sponsora məsləhət görürük ki, bu səhnədə sənin məhsulunun iki saniyə masanın üzərində görünməyi, daha faydalı olar, nəinki kimsə əlində tutsun, tərifləsin, adını çəksin və s. Bəzi şirkətlər təklifimizlə razılaşırlar və faydalı əməkdaşlığımız baş tutur.

Hətta son zamanlar bir neçə şirkətdən sponsorluq təklifi almışıq ki, “Siz bizi həm efirdə reklam edirsiniz, həm sizin rəsmi Youtube kanalınızda bizim məhsulumuzun tanıtımı gedəcək, həm də sizin layihənizdə iştirak edən aktyorlar hər gün 2 dəfə öz Instagram səhifəsində bizim məhsulu reklam edəcək”. Mən, sadəcə, bu tələbə güldüm.

– “İlk Media” olaraq sizin də tələblərinizi bilmək istərdik. Sizin sponsorlardan hansı tələbləriniz olur?

– Sponsorlarımızla əməkdaşlığa başlayanda şərtlərimiz o olur ki, əgər sponsorluqdan çıxacaqsınızsa, 1 ay əvvəlcədən xəbərdarlıq etməlisiniz, ödənişi vaxtı-vaxtında yerinə yetirirsiniz və bizim ümumi ssenarimizə heç vaxt müdaxilə etmirsiniz. Biz sponsorluq paketimizdə bir neçə variant təklif edirik və sponsor o təkliflərdən biri ilə razılaşır.

Adətən, elə biz özümüz də müəyyən bir layihədə, verilişdə açıq reklam gördükdə narahat oluruq. Amma apardığımız müşahidələr göstərir ki, sizin layihədə olan reklamlar əksinə, xüsusi rəğbət qazanıb.

– Bəli, “HELL” “Bozbash Pictures”də elə bir məhsula çevrilib ki, artıq tamaşaçı bizim səhnələrimizin əksəriyyətində masanın üzərində “HELL”in olmasına, aktyorlarımızdan kiminsə “HELL” içməsinə öyrəşib. Artıq tamaşaçı məhsulla aktyorun vəhdətinə o qədər öyrəşib ki, ona reklam kimi baxmır, adi hal kimi yanaşır. Necə ki, Şəmi yaşıl pencək, sarı köynəkdə olmalıdır, eləcə də, onların masaları üzərində hər zaman “HELL” olmalıdır.

Amma ay ərzində elə seriyalarımız olub ki, ümumiyyətlə, orada product placement kimi heç bir içkidən, baş sponsorumuz “HELL”dən belə istifadə etməmişik. Belə olan halda “HELL”in əməkdaşları dərhal digər sponsorlar kimi zəng edib “Niyə bu seriyada yox idik?” soruşmurlar. Çünki o bilir ki, əgər 3 həftə yoxdursa, 3 həftədən sonra 5 həftə olacaq. Bu da onların nəinki içki olaraq keyfiyyətli, həm də brend olaraq da peşəkar olmalarının göstəricisidir.

– Azərbaycan sponsor bazarında uğurlu əlaqə quran bir layihə olaraq, yeni başlayan layihələrə məsləhətiniz nə olar? Uzunmüddətli sponsor əməkdaşlığı qura bilmək üçün nə etsinlər?

– Sponsorlarını itirən və ya sponsorluq əlaqələri qura bilməyən layihə rəhbərlərinin ən böyük problemi “Sponsordan çox pul alaq, amma layihəyə az pul xərcləyək” düşüncəsində olmaqlarıdır. Əksinə, sən özünə az miqdarda pul ayırıb layihəni daha keyfiyyəti etməlisən. Məsələn, biz bu prinsipə əməl etdiyimiz üçün “HELL” 3 ildən artıqdır bizimlə işləyir.

Sonda İlkin Həsəni oxucularımız üçün sevindirici bir xəbəri də bölüşdü. Tezliklə, komandası ilə birgə “Buğlama” adlı yeni layihəyə start verirlər. Bu layihənin də sponsoru “HELL ENERGY” içkiləri olacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here