Paylaş

Yayda istirahət üçün ən çox  üz tutulan məkanlardan biri də məhz dənizdir. Lakin sudan qorxduğu üçün bəzi insanlar bu kimi əyləncələrdən imtina edir. Sudan, üzməkdən, boğulmaqdan qorxmaq akvafobiya və ya hidrofobiya adlanır. Bu barədə ArtNews-a müsahibə verən psixoloq Vəfa Əkbər hidrofobiyanın əsasən uşaq vaxtı hər hansı boğulma təhlükəsi ilə üz-üzə qaldıqda yarandığını deyir:

“Uşağı su ilə düzgün şəkildə tanış etmək lazımdır. Əslində uşaqlar lap körpə vaxtlarından su ilə necə rəftar etməyi çox gözəl bilirlər, lakin valideynlər qorxduqları  üçün onları sudan uzaq tutmağa çalışılar. Uşağı çimizdirərkən, uşaq hovuzda və ya dənizdə olarkən valideyn o qədər təşviş keçirir ki, o bu narahatlıq hissini uşağa ötürür. Nəticədə bu uşaqda panikaya səbəb olur. Beləliklə bu hal getdikcə fobiyaya  çevrirlir. Bir insanın hidrofobiyasının olması üçün mütləq su ilə bağlı hər hansı təhlükə ilə üz-üzə qalması şərt deyil. Bu cür kənar təsirlər də insan da bu kimi fobiyalara səbəb ola bilər”.

Qadınlara nisbətən daha çox bu qorxuya kişilərdə rast gəlindiyini deyən psixoloq  Vəfa Əkbərin sözlərinə görə  buna səbəb oğlan uşaqlarının daha çox nəzarət altında olmasıdır:

“Nəzərə alsaq ki, oğlan uşaqları yeniyetmə və gənclik çağlarında valideynlərdən icazəsiz tez-tez hovuza və ya dənizə getdiklərindən boğulma ehtimalı daha çox olur. Çünki bu çağlarda özlərini təsdiq etmək üçün onlar bacardıqlarından artığını etmək istəyirlər. Bu da valideynlərdə təşviş yaradır. Qız uşaqları isə daha çevik olduqlarından bu mərhələni daha tez keçirlər”.

Psixoloq həmçinin bildirir ki, psixoterapiya və düzgün yanaşma ilə hidrofobiyanı aradan qaldırmaq mümkündür, yetkin insanlar bu qorxunun öhdəsindən özləri gələ bilərlər. Uşaqlara isə valideynlərin və mütəxəssisin köməyi lazımdır:

“Əgər yetkin insanlar həmişə yarım stəkan su içirlərsə, yavaş-yavaş suyun miqdarını artırmaqla qorxunu özlərindən uzaqlaşdıra bilərlər.Dənizdə üzməkdən qorxanlar çalışsınlar ki, çox uzağa getməsinlər. Təxminən bir həftə boyunca sadəcə dənizi izləsinlər. Ayaqlarına sadəcə dəniz ləpəsi dəysin. Çox zaman bu insanlar dənizi ümumi anlayış kimi götürdükləri üçün  dənizə baxıb boğulma ehtimalını düşünürlər. Çalışmaq lazımdır ki, sadəcə olduqları əraziyə baxsınlar. Valideynlərin isə bu barədə etdikləri ən böyük səhv uşaqları qorxduğu halda suya salmalarıdır. Onlar bu şəkildə akvafobiyanın öhdəsindən gələcəklərini düşünsələr də, uşaqlarda daha çox qorxuya səbəb olurlar. Yaxşı olar ki, kənarda hər hansı bir balaca qabın içinə su qoyub uşağın onunla oynamasına yardımçı olsunlar. Bu halda getdikcə uşaqda suya sevgi yaranacaq”.

Qeyd edək ki, hidrofobiyanın ən kəskin forması sosib hidrofobiyadır. Sosib hidrofobiyadan əziyyət çəkən insanlar əl-üzünü yuyarkən, hamamda çimərkən, dolu bardaqdan su içərkən belə qorxurlar. Belə insanlar hətta bədənlərini hissə-hissə yuyurlar.