Home İDMAN “Bu, həm Azərbaycan müəlliminin, həm də TOPs proqramının uğurudur”

“Bu, həm Azərbaycan müəlliminin, həm də TOPs proqramının uğurudur”

462
0
SHARE

May ayının 20-sində TOPs layihəsinin 5-ci mövsümündə Bakı şəhəri Nizami rayon 220 saylı məktəb liseydə  “İdman Festivalı ” keçirilib.

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib.  Bu metodologiya şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.

İdman Festivalında inklüziv təhsil alan şagirdlər də daxil olmaqla ümumilikdə 250 nəfərə yaxın şagird iştirak etmişdir. “İdman Festivalı”nda şagirdlər müxtəlif idman fəaliyyətlərindən ibarət olan estafetlərdə öz bacarıqlarını nümayiş etdirmiş  və musiqili əyləncəli proqramlarla çıxış etmişlər. Festivalda uşaqların çıxışlarını Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan və Britaniya Səfirliyinin nümayəndələri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin rəsmiləri, məktəbin müəllim kollektivi və valideynlər izləmişlər.

Məktəb liseyin fiziki tərbiyə müəllimi Gülyana Özcan bildirib ki: “Məktəbimiz TOPs layihəsinə ilk cəlb olunmuş məktəblərdən biridir. Artıq 5 ildir ki, məktəbimizdə belə İdman Festivalları mütəmadi olaraq keçirilir. TOPs təlimlərini keçmiş bütün fiziki tərbiyə müəllimlərimiz həm nəzəri biliklərini, həm də praktiki peşə bacarıqlarını artırmaqla şən, təhlükəsiz və inklüziv dərs prosesləri qururlar. Belə formada keçirilən dərslər şagirdlər tərəfindən çox bəyənilir və uşaqlar növbəti dərslərə daha həvəslə gəlirlər. İdman Festivallarında isə onlar həm fiziki, həm də incəsənət bacarıqlarını daha geniş şəkildə nümayiş etdirirlər. Ən maraqlısı isə odur ki, məktəbimizin inklüziv siniflərində təhsil alan şagirdlər də bu fəaliyyətlərdə aktiv formada iştirak edirlər.

TOPs proqramı indiyə qədər Azərbaycanda çətin olan bir işin öhdəsindən gəlib. Əvvəllər xüsusi qayğıya ehtiyacı olan uşaqlar fiziki tərbiyə dərslərindən kənarda qalırdı və ayrı-seçkilik yaranırdı. Bu hal müəllimlər üçün da arzuolunmaz idi. TOPs proqramı sayəsində artıq inklüziv siniflərdə təhsil alan bütün şagirdləri fiziki tərbiyə dərslərinə asanlıqla cəlb etmək, onların aktiv iştirakını təmin etmək olur. Bu, həm Azərbaycan müəlliminin, həm də TOPs proqramının uğurudur”.

Festivalda qalib və mükafatçılara Diplom və Kuboklar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019 tədris ilində TOPs proqramına əlavə olaraq 100 ümumtəhsil məktəbi qoşularaq Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250-yə çatdırılmışdır. Cari tədris ilində TOPs layihəsinə yeni cəlb olunan ümumi təhsil müəssisələrindən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərindən keçərək sertifikatlanmışlar. Müasir təhsil texnologiyasının tətbiqi ilə həyata keçirilən fiziki tərbiyə fənlərindən əlavə olaraq daha 100,000 nəfərə yaxın şagirdin faydalanması gözlənilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here