Home Manset “Bir əlim anamın, digəri isə müəllimimin əlində idi”

“Bir əlim anamın, digəri isə müəllimimin əlində idi”

371
0
SHARE

5 oktyabr əlimizdən tutub bizə yazmağı öyrədən, ilkin bilikləri bizə aşılayan, yolumuza işıq tutan müəllimlərin bayramı kimi qeyd olunur. Həyata baxışımızı formalaşdıran, yeri gəldiyində bizə ana qayğısı göstərən müəllimlərimiz çox dəyərli, çox müqəddəsdir. Bəs görəsən, məşhurlar müəllimlərini necə xatırlayır, onlarla bağlı hansı xatirələri var?

“Kişi Magazine” məşhurların müəllimlərlə bağlı xatirələrini sizinlə bölüşür.

İlk müəllimi ilə hələ də ünsiyyət saxladığını deyən rəqqasə, aktrisa Oksana Rəsulova orta məktəbə Rusiyada gedib. O bildirir ki, sevdiyi müəllimlərlə yanaşı sevmədiyi müəllim də olub:

“İlk müəllimim Mətanət xanım olub. Onu çox sevirəm. Rusiyada oxuduğum üçün burada tədris olunan fənləri öyrənməkdə çətinlik çəkirdim. Lakin Mətanət xanım bu çətinliklərin öhdəsindən gəlməyimə kömək etdi. Səmimi və gülərüz qadın idi. Hətta evinə əlavə dərs üçün gedirdim, lakin sevmədiyim müəllimlərimiz də var idi. Bəlkə də, əvvəllər metodika elə idi deyə, onlar belə davranırdı və mən o müəllimi başa düşmürdüm. Mən baxçaya və ibtidai sinfə Rusiyada getdiyim üçün Azərbaycan dilində danışmağı bacarmırdım. Azərbaycan dili müəllimim Sona xanım xətkeşlə əlimə vururdu. Buna görə də, o müəllimimi  pis xatırlayıram”.

Növbəti müsahibimiz Firəngiz Mütəllimovanın sözlərinə görə, müəllim ailəsində anadan olmağı onun təhsilinə, məktəbdə davranışına çox təsir edib. O, ilk müəllimini belə xatırlayır:

“Səmayə xanım çox sakit, səmimi, gülərüz idi. Onun ağappaq saçları var idi. Saçlarını ortadan ikiyə ayırıb səliqə ilə yığardı. Mənə ikinci ana kimi idi. Onu o qədər  çox sevirdim ki, bir əlim anamın, digəri isə Səmayə müəllimimin əlində idi. O illərə dair bütün şəkillərdən bunu görmək mümkündür. Hər dəfə  şəkil çəkdirəndə ona sığınardım”.

Çox utancaq olduğunu deyən Firəngiz xanım bildirir ki, bu xarakterinin öhdəsindən Böyükağa Kazımov sayəsində gəlib:

“İlk sənət müəllimim Rza Təhmasib, daha sonra Böyükağa Kazımov olub. Bu insanlar istər həyat məktəbində, istərsə də sənət məktəbində bizə dayaq olublar, əlimizdən tutublar. Məşqlər zamanı tərəf müqabilimin gözünə baxa bilmirdim. Böyükağa müəllim deyirdi ki, sən çox utancaqsan, gəl, səni keçirək Ədəbiyyat fakültəsinə. Əvvəllər düşünürdüm ki, Böyükağa müəllim bu dediklərində ciddidir. Sonradan öyrəndim ki, o bütün bunları  məni cəsarətləndirmək üçün deyirmiş. Müəllimlik peşəsi çox müqəddəsdir. Özüm hazırda 13 ildir Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Tələbələrə sənət sirlərini öyrədirəm”.

Müğənni Ayan Babakişiyeva isə ilk müəlliminin çox tələbkar və məsuliyyətli olduğunu deyir. Ayan xanımın  sözlərinə görə, o müəllimlərinin sevimlisi olub:  

“İlk müəllimi xatırlamamaq qeyri-mümkündür. Mirzə müəllim mənim ibtidai sinif müəllimim olub. Bizə o qədər məsulliyyətlə yanaşırdı ki, “Saat 3-də belə gəlib sizi oyatsam, suallarıma doğru cavab verməlisiniz” deyirdi. 8-ci sinfə qədər sinif nümayəndəsi olmuşam. Yaxşı oxuduğumdan deyil, sadəcə müəllimlərim məni çox sevirdi”

2005-ci ildən Mədəniyyət və İncəsənət Universitetində müəllimlik edən modelyer Fəxriyyə Xələfovanın fikrincə, müəllim üçün ən gözəl hədiyyə tələbələrinin uğurlarıdır. O, bildirir ki, müəllimlərindən aldığı məlumatları tələbələrinə ötürməyi çox sevir:

“O vaxt rus dilli təhsilə önəm verilirdi deyə, mən təhsilimi rus dili dilində almışam. Çox güclü müəllimlərimiz olub. Biologiya müəlliməm məndə bu fənnə böyük maraq yaratmışdı. Belə ki, mən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum. Müəllim bizim üçün çox böyük məfhum idi. Onların fərqli , özünəməxsus geyim tərzi var idi. Məktəbi qırmızı diplomla bitirməyimdə məhz bu müəllimlərin əməyi böyükdür. Nəzəriyyələri elə gözəl təqdim edirdilər ki, öyrənməməyimiz qeyri-mümkün idi. İlk müəlliməmi çox sevir, onu özümə  ikinci ana bilirdim. Bella Borisovna çox gülərüz və mehriban idi. Fərqli bir obrazı var idi”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here