SHARE

Bəylər adətən bəylik kostyumu seçiminə o qədər də diqqət yetirmir. Əksər toylarda gəlinliyə daha çox önəm verilir. Lakin bəylik kostyumu da ən az gəlinlik qədər vacibdir. Bu özəl gün üçün fərqli və dəbli seçim edilməlidir. Bəylik kostyumunun gəlinlik kimi müxtəlif formaları olmasa da, fərqli seçimlər mümkündür. Bu seçim hər kişiyə özəl olmalıdır. Bəyin bədən forması və zövqü fərqlilik göstərdikdə seçim etmək bir qədər çətin olur. Buna görə də, başqalarının fikirləri əsas götürülməməli, ən bəyənilən kostyum alınmalıdır. Bildiyiniz kimi, bəylik kostyumunu mağazalardan almaq mümkündür. Lakin dərziyə müraciət edənlər də az deyil. Tikdirilən kostyum bəy üçün xüsusi hazırlandığına görə daha uğurlu nəticə əldə etmək olar.

Bəs düzgün kostyum üçün nələrə diqqət yetirilməlidir? “Kişi Magazine” bu işdə sizə kömək edəcək.

Seçim zamanı bir çox faktor var. Bunlara rəng, forma və ya parçanın növü aiddir. Artıq bəylər klassik kostyumlardan daha çox müasir tərzdə hazırlanan kostyumlara üstünlük verirlər. Lakin rəngi və parçası dəyişsə də, sabit qalmalı olan bir neçə qaydalar var. Bunlardan ilki istifadə olunan köynəyin rəngidir. Tünd rəngli köynəklərdən uzaq durmaq lazımdır. Tünd rəng tər ləkəsini daha çox göstərdiyi üçün ağ rəngli köynəklərə üstünlük verilməlidir.

Digər önəmli məqam parça seçimidir. Pambıq faizi çox olan köynəklər tərləməyin qarşısını minimuma endirir. Diqqət yetirilməsi məqamlardan biri də, ayaqqabı seçimidir. Ayaqqabı ən az bəylik kostyumu qədər vacibdir. Ucuz ayaqqabı alsanız, bu ayağınızda şişkinlik yaradaraq toyda gərgin anlar yaşamağınıza səbəb olacaq. Kostyumun uzunluğu da ayaqqabıya uyğun olmalıdır. Şalvarın uzun olması düzgün deyil. Bunun üçün mütləq dərzi ilə məsləhətləşin. Bu işdə aksesuarı unutmaq olmaz. Asan görünsə də, yanlış seçim bütün uyğunluğu poza bilər. Bəylik kostyumu ilə çox aksesuar istifadə edilməsinə ehtiyac yoxdur. Çünki kostyum daha çox diqqət çəkməli və ön planda olmalıdır. Əgər seçiminiz kostyum olacaqsa, ona uyğun qalstuk, smokindən  olacaqsa, dəbli bir kəpənək qalstuk istifadə edə bilərsiniz. Ən önəmli detallardan biri də məhz qol düymələridir. Qol düymələrindən mütləq istifadə edilməlidir.

Bəylik kostyumu da fərqli rəng və parçadan hazırlana bilər. Qonaqlardan fərqlənmək istəyirsinizsə, mütləq fərqli parçadan hazırlanmış kostyum seçməlisiniz. Parçasına görə ən fərqli kostyumlar parıltılı olanlardır. Bu tərzdə olan kostyumlar daha dəbdəbəlidir. Çünki parlaq parçaları hər rəngə uyğunlaşdırmaq  mümkündür. Atlaz parçalardan hazırlanan kostyum almaq məsləhət görülmür. Çünki atlaz üzərində tikiş xətaları ən bariz görünən parça növüdür. Bunlara baxmayaraq, ən əsası sizin rahatlığınızdır. Bunun üçün mütləq mütəxəssisə müraciət edin.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here