Home İDMAN “Badminton məktəblilər arasında çox böyük marağa səbəb olub”

“Badminton məktəblilər arasında çox böyük marağa səbəb olub”

277
0
SHARE

Badminton oyunu Azərbaycanda inkişaf edən idman növlərindən biridir. Bu oyunun yaranma tarixi haqqında bir neçə versiya mövcuddur. Bəzi faktlara əsasən güman edilir ki, badminton qədim volan oyununun sələfidir. 2000 il əvvəl Qədim Yunanıstan, Çin, Yaponiya, Hindistan və Afrika ölkələrində volan oynunu böyüklər və uşaqlar oynayırdı.
Beynəlxalq Badminton Federasiyası 1934-cü ildə yaradılıb. 1940-ci ilin sonlarından kişilər arasında “Tomas”, 1955-ci ildən isə qadınlar arasında “Uber” kuboku uğrunda genişmiqyaslı badminton yarışları keçirilir. 1992-ci ildən isə badminton Yay Olimpiya Oyunlarının proqramına daxildir.
Badminton oyunu 2 tip volanla oynanılır: plastik və lələkli. Plastik volan həvəskar oyunçular üçündür. Professional idmançlar üçün olan lələkli volan 16 qaz lələyindən hazırlanır. Əvvəllər ağacdan hazırlanan badminton raketkası isə müasir dövrdə alüminium, dəmir, titan və karbondan hazırlanır. Tor ilə iki hissəyə bölünmüş düzbucaqlı meydançada keçirilən badminton oyunu 3 hissədən ibarət olan, kişi və qadınlar arasında tək və qoşa şəklində keçirilir. Oyunda hər hissənin hesabı 21 xal qazanılanadək (əvvələr isə bu 15 xal idi) davam edir. Hesab 20-20 olarsa 2 xalla fərqlənən ilk oyunçu, 29-29 hesabında isə 30-cu xalı qazanan oyunçu qalib gəlir.

Azərbaycanda badminton idman növünün əsasını Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti Nazim Əliyev qoyub. O, 1957-ci ildə SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) paytaxtı Moskvada keçirilən Gənclərin VI Beynəlxalq Festivalında iştirak edərək badminton idman növü ilə tanış olub və bu idman növünü Azərbaycanda inkişaf etdirib. Azərbaycan Badminton Federasiyası isə 1964-cü ildə yaranıb və 1996-cı ildə yenidən təsis edilib.
Hazırda Federasiya uşaq idmanının inkişafında maraqlıdır. Belə ki, hətta badminton idman növü Olimpiya idman ənənəsini şagirdlər arasında yaşatmaq və onları sağlam, aktiv həyat tərzinə cəlb etmək məqsədi ilə keçirilən “Olympic Moves” proqramına da daxildir.
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkətinin dəstəyi ilə keçirilən “Olympic Moves” proqramı Bakı, Gəncə, Sumqayıt şəhərlərini və Göygöl rayonunu əhatə edir.
“Olympic Moves” proqramının badminton üzrə baş hakimi Cavanşir Əlizadə söyləyir ki, bu proqram idman oyunları üçün böyük təbliğat xarakteri daşıyır:
“Burada istedadlı uşaqlar üzə çıxır. Badminton fiziki enerji tələb edən ağır idman növlərindən biridir. Ən güclü şahmatçılara badminton oynamağı tövsiyə edirlər. Çünki bu elə idman növüdür ki, ani qərar qəbul etməlisən. Hər bir oyunçu meydana çıxanda mütləq qalib olmağı fikirləşməlidir. Qalibiyyət üçün nə etməyi düşünməli, əlindən gələni əsirgəməməli, öz potensialından, qüvvəsindən səmərəli istifadə edib məşq etməlidirlər. Taktiki, texniki hərəkətlərə üstünlük vermək lazımdır. Artıq layihənin final mərhələsi yaxınlaşır.Rayondaxili yarışlarda qalib gələn 16 komanda iyun ayında keçiriləcək respublika birinciliyinin finalında iştirak edəcək”.
“Olympic Moves” proqramı çərçivəsində Gəncə badminton oyununun ilk dəfə keçirildiyi regionlardan biridir. “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru İntiqam Hüseynovun sözlərinə görə, bu oyun məktəblilər arasında çox böyük marağa səbəb olub:
“Əvvəllər badminton yalnız ailəvi istirahət guşələrində oynanılırdısa, bu gün artıq bu oyun məşq zallarında oynanılır, yarışlar keçirilir. Keçirilən respublika birinciliyi yarışlarında badmintonçuların nəticələri normaldır. Belə ki, 2 badmintonçumuz Azərbaycan biricisi, digər 2 nəfər isə qarışıq növdə (oğlan və qız cütlüyü) mükafatçı olublar. Yarışlarda iştirak edən uşaqlar çox istedadlıdırlar və inanıram ki, onlar həm respublika yarışlarında, həm də milli yığma komandanın oyunlarında uğur qazanacaqlar”.
Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda tətbiqinə 2015-ci ildən başlanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here